Demokratik İslahatlar Partiyası 26 sentyabr 2016-cı
il tarixində keçirilmiş Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı
referendumun nəticələrini müzakirə edib.
DİP ümumilikdə seçki prosesini müşahidə edib.
Partiyanın müşahidəçiləri ölkə üzrə əksər DSK-larda və MnSK-larda səsvermə
prosesini izləyiblər. Eyni zamanda partiya nümayəndələri referendumu müşahidə
edən beynəlxalq missiyaların nümayəndələrinin də rəyləri ilə yaxından tanış
olublar. Partiya Siyasi Şurası bu müşahidələrin nəticələrinə
əsasən bəyan edir ki, referendum günü ölkə üzrə seçici fəallığı hiss olunub.
Bir sıra məntəqələrdə bəzi texniki çatışmazlıqlar, xırda qanunsuzluqlar istisna
olmaqla, partiya tərəfindən ciddi qanun pozuntuları qeydə alınmayıb. Qeydə
alınan çatışmazlıqlar çox az sayda məntəqəni əhatə etdiyindən, referendumun
nəticələrinə təsir etmək gücündə olmayıb.
Referendumun qanunvericiliyə uyğun, şəffaf şəraitdə keçdiyini, bütün ictimai və
siyasi qurumların nümayəndələrinə onu sərbəst şəkildə müşahidə etmək
imkanlarının yaradıldığını, ümumilikdə referendumun nəticələrinin xalqın
iradəsini ifadə etdiyini bəyan edirik./ Ümid edirik ki, referendumun nəticələri Azərbaycan
Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, ölkədə geniş və
hərtərəfli demokratik islahatların aparılmasına, insan hüquqlarının etibarlı
şəkildə qorunmasına, ümumilikdə hüquqi dövlətçiliyin möhkəmlənməsinə və
vətəndaş cəmiyyətinin inkişafına öz töhfələrini verəcəkdir.
|