Partiya  Proqram

Azadlıq, məsuliyyət, tolerantlıq, sosial ədalət və bərabər imkanlar – liberalizmin əsas dəyərləri bunlardır və biz partiyamızın proqramını məhz bu prinsiplər əsasında qururuq

 

Demokratik İslahatlar Partiyası – azadfikirli insanların, sürətli islahatlar tərəfdarlarının demokratik dövlət quruculuğu və ölkənin Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlıq şəraitində Türk dövlətləri ilə qarşılıqlı inteqrasiyası naminə birliyidir

 

Bizim liberal dəyərlər

 

Azadlıq, məsuliyyət, tolerantlıq, sosial ədalət və bərabər imkanlar – partiyamızın proqramı liberalizmin bu əsas dəyərlərindən qaynaqlanır. Bu prinsiplərin həyata keçməsi güclü vətəndaş cəmiyyətinin, demokratik hakimiyyətin, azad bazarın və beynəlxalq əməkdaşlığın əsaslarını yaradır.

İnanırıq ki, qanunun aliliyi, tam və keyfiyyətli təhsilə yiyələnmək üçün ədalətli şərait, söz, toplantı və informasiya almaq azadlığı, qadınlar və kişilər üçün bərabər hüquq və imkanlar, tolerantlıq və dözümlülük, sahibkarlığa və əməyin tətbiqinə azad imkan fərdin azadlığını şərtləndirən amillərdir.

Hesab edirik ki, vətəndaş cəmiyyəti və konstitusiyalı demokratiya siyasi münasibətlər məcmusunun ən ədalətli və sabit əsasıdır. Azad insanların elə bir vətəndaş cəmiyyətini qurmaq istəyirik ki, burada hər bir kəs hüquqlarına təminat verən qanunlar çərçivəsində yaşasın. Elə bir dövlət istəyirik ki, səlahiyyətləri demokratiya qaydalarına tabe olub, demokratiya normaları ilə məhdudlaşsın.

Əminik ki, yalnız liberal bazar iqtisadiyyatı ictimai sərvətlərin dinamik toplanmasını və ədalətli bölgüsünü təmin edə bilər.

Demokratik İslahatlar Partiyası – orta təbəqənin, sahibkarların, mülkiyyətçilərin, intellektualların, öz ağılına və bacarığına güvənən, çörəyini alın təri və öz əməyi ilə qazanan yaradıcı insanların siyasi maraqlarının ifadəçisidir. Partiya sıralarında yüksək təhsilli və eyni zamanda kifayət qədər təcrübəli gənclər birləşib. Zamanla ayaqlaşmayan idarəetmə struktur və sisteminin dəyişdirilməsini, dərin islahatlar zərurətini dərk edən, və ən əsası, ən müxtəlif sahələrdə öz sözünü deyə bilmiş, artıq bu gün yeni tipli menecerlər ola biləcək bu gənclər ölkəni idarə etməyə hazırdırlar.

İnsan hüquq və azadlıqlarının dövlətin hüquqları qarşısında üstünlüyü partiyanın əsas proqramın bəndidir. Mülkiyyətin toxunulmazlığı, sahibkarlığa dəstək, qanunun aliliyi və qanun qarşısında hamının bərabərliliyi prinsiplərinin bərqərar olması bizim üçün sözdə yox, işdə vacib anlayışlardır.

Yalnız azad adam qurub-yaratmaq, yaradıcı olmaq iqtidarındadır. Yalnız azad insanın ölkəsi sözün əsl mənasında zənğin ola bilər; insan amili və potensialı təbii sərvətlər və enetji ehtiyatlarından daha önəmlidir. Azadlığı olmayanların mədəni və mənəvi inkişafı da mümkünsüzdür. Düşüncə və ideyaların azad mübadiləsi və rəqabəti zəminində yetışən insan müstəqil düşünmək, qurub-yaratmaq, elmi və incəsənəti inkişaf etdirmək iqtidarındadır.

Ölkənin mədəni sərvətini və müxtəlifliyini təşkil edən, etnik və dini tolerantlıq kimi tarixi dəyərlərlərimizi təmsil edən, demək olar ki, bütün etnik və dini qruplar partiyamızda təmsil olunub.

Avropa parlamentarizm ənənələrinə söykənən tolerantlıq, siyasi mübarizəni qanun və yüksək siyasi mədəniyyət çərçivəsində aparmaq bacarığı partiyanın əsas prinsiplərindən biridir.

Məqsədimiz parlament seçkisində qələbə, əsas rəqibimiz hakim partiyadır və ali qanunverici orqanda yerlər uğrunda mübarizə də onunla olacaq.

Liberal siyasət mahiyyətcə sosial xarakter daşıyır. Yəni hüquqi dövlət prinsiplərindən çıxış edərkən zəifin güclü qarşısında hüququnu da müdafiə edir; Bazar iqtisadiyyatını dəstəkləyir, amma hamıya bərabər imkanlar təmin edir; Dövlətin rolunun azaldılması uğrunda mübarizə aparır, ancaq sərvətlərin bölüşdürülməsi zamanı dövlətin ilk öncə hakimiyyət sahiblərinin maraqlarına xidmət etməsinin, sui-istifadələrin qarşısını alır.

Həddindən ziyadə dövlət müdaxiləsinə və inhisarçılığa qarşı çıxan (o cümlədən, əmək bazarında) liberal siyasət hamı üçün iş yerlərinin açılmasına zəmin yaradır.

Əminik ki, bölüşdüyümüz bu qlobal liberal dəyərlərin ölkəmizdə təşəkkül tapması yalnız öz təcrübəmiz əsasında mümkündür.

 

Vəzifə və məqsədlərimiz

 

Siyasətdə pozitiv düşüncə tipi fəaliyyətin əsas metod və vasitəsidir. Biz pis hesab etdiyimizin yalnız tənqidi ilə məhdudlaşmırıq. Əlbəttə, biz bugünkü duruma bəsdir deyirik, amma eyni zamanda ondan konkret çıxış yollarını göstərir, qanunverici, siyasi, iqtisadi, sosial müdafiə sahələrini əhatə edən konkret islahatlar paketimizi təqdim edirik.

 

Partiyanın əsas vəzifələrindən biri ölkənin ərazi bütövlüyünün bərpa edilməsindən sonra isğalın doğurduğu nəticələrin aradan qaldırılmasıdır. Partiyamızın bu sahədə əsas götürdüyü istiqamət yaxın qonşuluq, sülh və sabitlik içində yaşayış, işğal nəticəsində dağıdılmış kənd və şəhərlərin sürətli bərpası, dövlətin “Böyük qayıdış” proqramının icrasına, məcburi köçkünlərin tez bir zamanda öz yurd-yuvalarında məskunlaşmasına dəstək verməkdir. Partiya eyni zamanda qonşularla dövlət sərhədlərinin delimitasiya və demarkasiyasını, sülh müqaviləsinin bağlanmasını, kommunikasiyaların açılmasını, bunlara paralel olaraq ölkənin müdafiə qabiliyyətinin daha da artırılmasını, Azərbaycan ordusunun daim formada saxlanmasını vacib hesab edir.

 

İqtisadiyyat sahəsində əsas prioritetlərimiz bunlardır:

 

-      dövlətin iqtisadiyyatda rolunun köklü surətdə dəyişdirilməsi; dövlətin indiki əsasən qadağanedici funksiyalarının iqtisadi bazarın əyər-əskiklərini nizamlayan institutla əvəzlənməsi;

-      effektiv sosial müdafiə siyasəti;

-      təbii inhisarların sürətli islahatı;

-      nisbi maliyyə sabitliyinin dəstəklənməsi əvəzinə rəqabətədavamlı yerli müəssisələrin yaranmasının stimullaşdırılması, dövlətin pul-kredit siyasətinin əsas vəzifəsinə çevrilməsi.

-      Bərpa olunan enerjiyə keçid və bu istiqamətdə ən müasir texnologiyaların tətbiqi;

-      Su resurslarının qorunması üçün yeni suvarma texnologiyalarına tam keçid.

 

Yeni vergi və gömrük siyasətinin işlənməsi və yerli sahibkarın, istehsalçının stimullaşdırılma və müdafiəsi üçün iqtisadi üsullardan istifadə edilməsi və eyni zamanda iqtisadiyyatda mövcud sahə balansının dəyişdirilməsi ilə hasilat sektorunun birtərəfli üstün vəziyyətindən iqtisadiyyatın diversifikasiyasına nail olunması iqtisadi proqramımızın əsas müddəaları sırasındadır.

Təhsil, səhiyyə, ətraf mühitin mühafizəsi sistemlərində təxirəsalınmaz islahatlar paketləri yeni dünya reallıqları çərçivəsində Azərbaycanın gələcək inkişafının və rəqabətədavamlılığının zəmanətidir.

Xarici siyasət sahəsində ölkənin strateji istiqaməti Türk Dövlətləri Təşkilatı ilə sıx əməkdaşlıq şəraitində Türk dövlətləri ilə qarşılıqlı inteqrasiyaya nail olmaq, beynəlxalq münasibətləri siyasətin əsas prinsiplərindən olan tərəfdaşlıq və əməkdaşlıq əsasında formalaşdırmaq, bu zaman beynəlxalq hüququn norma və prinsiplərinə hörmətlə yanaşmaqdır. 

 

Partiya siyasət, iqtisadiyyat, ictimai inkişaf və beynəlxalq münasibətlər sahələrində öz qarşısına aşağıdakı məqsədləri qoyur:

 

·        xüsusi mülkiyyətin toxunulmazlığı;

·        Bazar iqtisadiyyatının əsaslarının formalaşdırılması, milli sərvətlərin effektiv toplanmasının və ədalətli bölünməsinin ən yaxşı özülünün azad iqtisadiyyat olmasının getdikcə daha çox dərk edilməsi;

·        Azərbaycanın dünyanın mühüm iqtisadi və siyasi strukturlarına mərhələli inteqrasiyası;

·        İnsan haqlarına hörmətin artırılması, totalitar siyasi, milli, irqi diskriminasiya sistemlərinin ləğv edilməsi;

·        Hakimiyyət bölgüsünə və çoxpartiyalılığa əsaslanan siyasi sistemin inkişafı;

·        Bütün səviyyələrdə (prezident, parlament, yerli) azad və alternativ əsaslarda seçkilərin keçirilməsi;

·        Dözümlülük və plüralizmin inkişafı, şəxsiyyətin siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə və gündəlik həyatda azad seçiminə hörmətin artırılması;

·        İnformasiya və kommunikasiya azadlığı, müasir informasiya infrastrukturunun inkişaf etdirilməsi, müstəqil mətbuatın formalaşdırılması. İctimai rəyin demokratik nəzarət institutu kimi təşəkkül tapması;

·        İnhisarçılığa qarşı mübarizə və sağlam rəqabət üçün şəraitin yaradılması;

·        Siyasi və iqtisadi azadlıqlar vasitəsiylə azad, açıq vətəndaş cəmiyyətinin təşəkkülü;

·        Mülkiyyətçinin və sahibkarın müdafiəsi, müsbət və inkişafa hədəflənmiş təşəbbüslərin stimullaşdırılması;

·        Ətraf mühitin amansız istismardan və çirklənmədən qorunması

  Partiya
  Ümumi məlumat
  Proqram
  Nizamnamə
  Necə qosulmalı
  Party leaders
  Party Chairman
  Political Council
  Candidates
  Data center
  Press Releases
  About us in the media
  Contact